Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Hz. İsa (ə.s) gələcək

O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, bir kəlmə ilə müjdələyir. Belə ki, bu Məryəm oğlu İsa Məsihdir. O, bu dünyada və axirətdə “seçilən, şərəfli, mötəbər” və Allaha yaxınlaşdırılmış insandır. (Ali İmran surəsi, 45)

Hz. İsa (ə.s), digər bütün peyğəmbərlər kimi, Allahın insanları doğru yola dəvət etmək vəzifəsini verdiyi seçilən bir quludur. Lakin hz. İsa (ə.s)-ı digər peyğəmbərlərdən fərqləndirən, Rəbbimizin təqdir etmiş olduğu bəzi xüsusiyyətlər var. Bunlardan ən əhəmiyyətlisi onun hələ də ölməmiş, Allah qatına yüksəldilmiş və yer üzünə təkrar geri qayıdacaq olmasıdır.

 

Bir çox insanın zənn etdiyinin əksinə, hz. İsa (ə.s) çarmıxa çəkilərək öldürülməyib, başqa səbəblə də ölməyib. Quranda "onu asa və öldürə bilmədikləri" qəti şəkildə bildirilir və Allahın onu Öz dərgahına yüksəltdiyi xəbər verilir. Bunlarla yanaşı, Quranda hz. İsa (ə.s) barəsində elə məlumatlar verilir ki, bunlar tarixdə hələ gerçəkləşməmişdir və bu hadisələrin gerçəkləşməsi ancaq hz. İsa (ə.s)-ın yer üzünə geri qayıtması ilə mümkün olacaq. Quranda bildirilən hadisələrin gerçəkləşəcəyinə dair isə, heç bir şübhə yoxdur.

 

Həmçinin Peyğəmbərimiz (s.ə.v)-in bir çox səhih (etibarlı) hədisində də, hz. İsa (ə.s)-ın Allah qatında diri olduğu, yenidən yer üzünə qayıdacağı, ikinci dəfə gələndə Quranla hökm verəcəyi, xristian aləminin İslama yönəlməsinə vəsilə olacağı və hz. Mehdi (ə.s)-la birlikdə İslam əxlaqını yer üzünə hakim edəcəyi bildirilmişdir. Böyük İslam alimləri də hz. İsanın ölmədiyi və yenidən yer üzünə qayıdacağı mövzusunda həmfikirdirlər. Buna baxmayaraq, bəzi insanlar hz. İsa (ə.s)-ın keçmişdə "müəyyən şəkildə" öldüyünü və bir daha yer üzünə geri qayıtmayacağını zənn edir. Bu inanc, Quranı və hədisləri tam bilməməkdən qaynaqlanan mühüm yanılmadır.

 

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. İsa (ə.s)-ın göndəriləcəyi dövr olan "Axırzaman"da bütün yer üzünün sülh, ədalət, dinclik və rifahla dolacağı xəbər verilmişdir.

 

"Axırzaman" ifadəsi məna cəhətdən son dövr, son vaxt deməkdir. İslama görə Axırzaman anlayışı, qiyamətə yaxın bir zamanda, Quran əxlaqının üstün olacağı, insanlar arasında geniş şəkildə yaşanılacağı bir dövrü ifadə edər. İnsanların xəyalında həmişə daha gözəl və daha yaxşı olana istiqamətli bir həsrət var. Daha gözəl bir mənzərə, daha gözəl yeməklər, ictimai problemlərin yaşanmadığı dincliklə dolu bir həyat, bolluq, gözəllik...

 

Məhz Axırzaman da, bütün bu "daha yaxşı" və "daha gözəl" məhfumlarına malik bir dövrü ifadə edər. Axırzaman, sıxıntının yerini bolluğun və bərəkətin, ədalətsizliyin yerini ədalətin, əxlaqsızlığın yerini gözəl əxlaqın, qarışıqlığın yerini sülh və əmin-amanlığın aldığı və bütün iman sahibi qulların illərdir ki, həsrətini çəkdiyi, İslam əxlaqının yaşandığı müqəddəs bir dövrdür.

 

Bu saytda hz. İsa (ə.s)-ın ölmədiyinin, Allah qatına yüksəldildiyinin və Axırzamanda yer üzünə yenidən qaytarılacağının dəlillərini Quran ayələri, hədislər və İslam alimlərinin açıqlamaları əsasında araşdıracağıq. Lakin əvvəlcə bilavasitə bu mövzuyla əlaqədar bəzi təməl məlumatları xatırlamaqda fayda var.