Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Hz. İsa (ə.s)-ı necə tanıya bilərik?

  Kimlər hz. İsa (ə.s)-ı tanıya biləcək?

 

Əvvəlki bölmələrdə hz. İsa (ə.s)-ın ölmədiyini, Allah qatına yüksəldildiyini və yer üzünə yenidən qayıdacağını Qurandan, hədislərdən və İslam alimlərinin şərhlərindən dəlillərlə açıqlamışdıq. Əlbəttə ki, bütün bunlardan sonra ağla gələn ilk sual: "Hz. İsa (ə.s)-ın yer üzünə təkrar gələndə kim olduğunun necə məlum olacağı və onun hansı xüsusiyyətlərindən tanına biləcəyi"dir.

Quranda bildirilən hekayələrdə və bəzi ayələrdə peyğəmbərlərin həyatlarına və üstün əxlaqlarına dair təfərrüatlı məlumatlar var. Peyğəmbərlər və saleh möminlərlə əlaqədar bir çox ortaq əlaməti ayələrdə tapmaq mümkündür. Dolayısilə Qurana və sünnəyə tabe olan səmimi möminlər hz. İsa (ə.s)-da gördükləri bu üstün xüsusiyyətləri qiymətləndirib, onu tanıya bilərlər. Lakin Bədiüzzaman Səid Nursinin də ifadə etdiyi kimi, hz. İsa (ə.s) yenidən yer üzünə gəldikdə bu mübarək şəxsi çox az insan tanıya bilər:

Hz. İsa (ə.s) gəldiyi vaxt, hər kəsin onun İsa olduğunu bilməsi lazım deyil. Onun yaxınları və qabaqcıllar, imanın nuru ilə onu tanıyarlar. Yoxsa açıqca hər kəs onu tanımayacaq. (Mektubat, səh. 54)

Yuxarıdakı sözündə görüldüyü kimi, Bədiüzzaman hz. İsa (ə.s)-ın yer üzünə qayıtdığı ilk illərdə, təkcə yaxın ətrafının onu tanıya biləcəyini bildirmişdir. Yaxınlığında olan bu insanların onu tanımasının isə, təkcə “imanın nuru” ilə mümkün ola biləcəyini ifadə etmişdir. Əlbəttə, burada “imanın nuru” ilə nə nəzərdə tutulduğuna toxunulmalıdır. “İmanın nuru” Allahın varlığına, vahidliyinə inanan və Qurana və sünnəyə tabe olan insanlara Rəbbimizin verdiyi anlama qabiliyyətidir. Möminlər Allahın verdiyi bu anlama qabiliyyəti sayəsində, hadisələri çox açıq şəkildə qiymətləndirə bilər və bir çox mövzunun dolaşıq xüsuslarını asanlıqla qavraya bilərlər. Quranda bildirildiyi kimi möminlər, ətraflarındakı hər şey üzərində dərindən düşünən, dolayısilə hadisələrdəki incəlikləri, təfərrüatları nəzərdən qaçırmayan insanlardır. Necə ki, Allah bir ayədə, səmimi-qəlbdən iman gətirib hər hadisənin incəliyini və dərinliyini qavramağa çalışan, gördükləri incəliklərdə özlərini Yaradanın böyüklüyünü, gücünü qavrayaraq Ondan qorxanlara “doğrunu yanlışdan ayırd etmə” məsələsində anlama qabiliyyəti verəcəyini bildirmişdir:

 

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə doğru ilə yanlışı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

 

Bu ayə əsasında düşünüldükdə, hz. İsa (ə.s)-ı yer üzünə qayıtdığı vaxt, tanıyıb ona itaət edəcək insanların da, Allaha və Qurana iman gətirən, hər hadisəni dərindən düşünüb qavramağa çalışan saleh möminlər olacağı aydın olur. Necə ki, Bədiüzzaman Səid Nursi digər bir sözündə mövzuya belə diqqət çəkir:

Hətta həzrəti İsa əleyhissalamın nüzulu və özü İsa əleyhissalam olduğu, nur-u imanın diqqəti ilə tanınar; hər kəs tanıya bilməz. (Şualar, səh. 487)

 

 

Hz. İsa (ə.s)-ı hansı xüsusiyyətlərinə əsasən tanıya bilərik?

 

Yuxarıda ifadə etdiyimiz kimi, bu sualın cavabını tapmaq üçün Qurana baxdığımız vaxt, qarşımıza çıxan ilk əlamət, ayələrdə bildirilən, peyğəmbərlərin sahib olduqları ortaq xüsusiyyətlər olacaq. Elə isə hz. İsa (ə.s)-ı tanımaq üçün Quranda bildirilmiş bu peyğəmbər xüsusiyyətlərinin nələr olduğunu araşdırılmalıdır. Əlbəttə, peyğəmbərlərlə əlaqədar Qurandan çıxarıla biləcək yüzlərlə əlamət var. Bu bölmədə isə, ən nəzərə çarpan xüsusiyyətlər ələ alınacaq.

 

 

1)    Üstün əxlaq xüsusiyyətləri ilə digər insanlardan fərqlənər

 

Allahın seçib göndərdiyi hər peyğəmbər kimi, hz. İsa (ə.s) da bütün üstün əxlaq xüsusiyyətlərini üzərində daşıyar. Onu digər insanlardan fərqləndirən ən nəzərə çarpan fərq, yaşadığı cəmiyyət içində gözlənilməz şəkildə ortaya çıxan yüksək şəxsiyyətidir. Belə ki, xalq arasında heç rast gəlinməyən, insanların görməyə alışmadığı və görən kimi təsirlənəcəkləri əxlaqi xüsusiyyətlərə malikdir. Allaha olan etibarı və imanı ilə olduqca qətiyyətli, cəsarətli, cəmiyyətin təsiri altında qalmayan, əksinə hər kəsə təsir göstərən, güclü insandır. Necə ki, bütün peyğəmbərlərin üzərlərində daşıdıqları bu üstünlük ayələrdə belə bildirilir:

 

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq… Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsəni, Yunisi və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir… (Ənam surəsi, 83-88)

 

Allah, peyğəmbərləri digər insanlara görə üstün xüsusiyyətlərlə yaratdığını yuxarıdakı ayələrdə açıqca bildirmişdir. Bu mövzu ilə əlaqədar Quranda daha bir çox nümunə var. Məsələn; "...İbrahim (tək başına) bir ümmət idi" (Nəhl surəsi, 120), "güc və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yaqubu..." (Sad surəsi, 45), "həqiqətən, onlar Bizim yanımızda seçilmişlərdən və yaxşı kimsələrdəndirlər" (Sad surəsi, 47), "...Onlar dedilər: “Bizi Öz iman gətirmiş qullarının çoxundan üstün tutan Allaha həmd olsun!” (Nəml surəsi, 15) kimi ayələrdə bildirilən ifadələr, peyğəmbərlərə verilən üstünlükləri bizə bildirir. Hz. İsa (ə.s) da, Allahın seçilənlərdən etdiyi peyğəmbərlərdəndir. Bir ayədə belə buyurulur:

 

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik... (Bəqərə surəsi, 253)

 

 

2) Peyğəmbərlərə məxsus üz ifadəsi ilə tanınacaq

 

Elçilərin istər elm, istərsə də, bədən cəhətdən üstün olduqları da Quranda bildirilir:

 

...O dedi: “Həqiqətən, Allah sizin üzərinizə onu seçdi, elm və bədən cəhətdən onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (rəhməti və gücü ilə) geniş olandır, biləndir”. (Bəqərə surəsi, 247)

 

Elm, ağıl, bədən və əxlaq cəhətdən üstün edilmiş bir insan olaraq hz. İsa (ə.s)-ın üzündə peyğəmbərlərə məxsus bir ifadə olacaq. Sahib olduğu güclü Allah qorxusunun və dərin imanının nuru, üzünə əks olunacaq. Həmçinin peyğəmbərlərə məxsus olan nurlu ifadə o qədər açıq olacaq ki, onu görənlər digər insanlarla müqayisədə çox üstün bir insanla qarşılaşdıqlarını anlayacaqlar. Lakin unutmamaq lazımdır ki, hər kəs bu açıq-aydın həqiqəti görməyə bilər. Bəzi insanlar duyduqları həsəd və kindən ötrü, bu əxlaqi üstünlüyü görməzlikdən gələ bilərlər. Daxilən xəbərdar olsalar da, bu həqiqəti anlamazlıqdan gələ bilərlər. Təkcə səmimi iman sahibləri, bu üstünlüyü görüb lazımınca qiymətləndirə biləcəklər.

Allah, hz. İsa (ə.s)-ın həm dünyada, həm də axirətdə: ...“seçilən, şərəfli, mötəbər” və Allaha yaxınlaşdırılmış insan..." (Ali İmran surəsi, 45) olduğunu bildirmişdir. Allahın ayəsinin bir təcəllisi olaraq, bütün peyğəmbərlər kimi, hz. İsa (ə.s) da ətrafındakı insanlar arasında möhtərəm, seçilən və şərəfli olmasıyla tanınacaq.

 

 

3) Hikmət və natiqlik gücü çox böyükdür

 

Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir... (Ənam surəsi, 89)

 

Allah, müxtəlif qövmlərə təbliğ etmələri, onları xəbərdar edib qorxutmaları üçün, göndərdiyi peyğəmbərlərini hikmət sahibi də etmişdir. Hikmətli izahat, məqsədəuyğun danışıqlar, doğruya çağıran və pis əməldən uzaqlaşmağa dəvət edən rəftarlar, bütün peyğəmbərlərin ortaq xüsusiyyətləridir. Necə ki, Quranın daha bir çox ayəsində ayrı-ayrılıqda peyğəmbərlərə verilən hikmətə də diqqət çəkilir. Məsələn, hz. Davud barədə: "...ona hikmət və valehedici izahat qabiliyyəti verdik" (Sad surəsi, 20),hz.Yəhya barədə: "...Biz ona hələ uşaq ikən hikmət bəxş etdik" (Məryəm surəsi, 12), hz. Musa barədə: "Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona “hökm və hikmət”, həmçinin elm bəxş etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq..." (Qəsas surəsi, 14), hz. Loğman barədə:Biz Loğmana, Allaha şükür etməsi üçün hikmət verdik” (Loğman surəsi, 12), hz. İbrahim barədə: "...Biz İbrahimin nəslinə də Kitab və hikmət bəxş etdik..." (Nisa surəsi, 54) deyə bildirilmişdir.

Allahın bizə bildirdiyi: "Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona böyük xeyir nəsib edilmişdir..." (Bəqərə surəsi, 269) ayəsinin tələbi, bütün peyğəmbərlərin hikmət verilərək mükafatlandırıldığıdır.

Hz. İsa (ə.s)-ın Allahın bir elçisi kimi hikmətlə mükafatlandırıldığına və bunu öz qövmünə də bildirdiyinə, Quranda belə diqqət çəkilmişdir:

 

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim..." (Maidə surəsi, 110)

 

İsa aydın dəlillərlə gəldiyi zaman dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin! (Zuxruf surəsi, 63)

 

Bu ayələrdən açıqca görüldüyü kimi, hz. İsa (ə.s)-ı tanımaq üçün, digər bir əlamət də, onun edəcəyi; "hikmətli, məqsədəuyğun və çox təsirli danışıqlar" olacaq. Digər bütün mövzularda olduğu kimi, hikmətli danışıq da, peyğəmbərlərə məxsus çox diqqətçəkən xüsusiyyətdir. Quranı özlərinə rəhbər qəbul etmiş möminlər, hz. İsa (ə.s)-ın danışıqlarının çox hikmətli olduğunu və bunun təkcə Allahın seçdiyi elçilərə məxsus olduğunu anlayarlar. Göstərdiyi üstün ağıl, qoyduğu mükəmməl diaqnozlar, gətirdiyi çıxış yolları həmişə məqsədəuyğun olub, Allahdan xüsusi olaraq verilmiş bir hikmətin ən aydın əlamətlərini meydana gətirəcək. Beləliklə də, üstün şəxsiyyəti və ağlı açıqca nəzərə çarpacaq.

 

4) Çox etibarlıdır

 

Hər elçi göndərildiyi cəmiyyətə ilk növbədə: "Həqiqətən, mən sizin üçün etibar bir elçiyəm" (Şuəra surəsi, 107) deməyə başlayaraq özünü tanıtmışdır.Peyğəmbərlərin bu etibarlılıqları, Allahın kitabına və dininə tam tabe olmalarından qaynaqlanır. Heç bir vəziyyətdə doğru yoldan və haqq dinin sərhədlərindən kənara çıxmazlar. Təkcə Allahın rizasını qazanmaq istəmələrindən ötrü, heç kəsə boyun əyməzlər. Quranda demək olar ki, bütün peyğəmbərlərin, qövmlərinə özlərini bu xüsusiyyətləriylə tanıtdıqları bildirilir. Məsələn, hz. Musanın özünü qövmünə tanıtması Quranda belə bildirilir:

 

Biz onlardan əvvəl Fironun qövmünü də sınadıq. Onlara möhtərəm bir elçi gəldi. O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm”. (Duxan surəsi, 17-18)

 

Şübhəsiz ki, elçilərin bu mühüm xüsusiyyətlərini qövmləri həmişə təqdir edə bilməyiblər. Hətta çox vaxt elçilərlə əlaqədar yanlış zənlərə qapılıblar. Çünki öz cahil sistemlərini tərk edib onların dəvət etdiyi haqq dinə tabe olmaq istəməyiblər. Lakin aradan müəyyən müddət keçdikdən sonra elçilərin ən etibarlı insanlar olduqları qövmün daxilində də qəbul edilmişdir. Bu mövzuda nümunə olaraq, hz. Yusifi verə bilərik. Hz. Yusif, uzun müddət qövmün içində çətinliklərlə sınanmış; əvvəlcə kölə olaraq satılmış, sonra isə bir müddət zindanda qalmışdır. Allahın istədiyi vaxtda isə, etibarlı insan olduğu məlum olmuş, hökmdar tərəfindən dövlət xəzinələrinin başına gətirilmişdir:

 

Hökmdar dedi: “Onu yanıma gətirin! Onu tabeliyimə qəbul edim”. Onunla danışdıqda: “Sən bu gün yanımızda (artıq) mühüm məqam sahibi və etibarlı bir (məsləhətçi, idarəçi)sən” dedi. (Yusif surəsi, 54)

 

Şübhəsiz ki, Quranda bildirilən peyğəmbərlərin bu xüsusiyyətləri Allahın bir elçisi olaraq hz. İsa (ə.s)-da da görüləcək. Hz. İsa (ə.s) dünyaya ikinci dəfə gəldikdə, Allahın dəyişməz qanunu olaraq xalq arasında etibarlılığı ilə diqqət çəkəcək. Allah, hz. Yusif və digər bütün elçilərinə olduğu kimi, hz. İsa (ə.s)-a da kömək edəcək və onun nə qədər etibarlı insan olduğunu insanlara göstərəcək.

 

 

5) Allahın himayəsi altındadır

 

Bizim (elçi) göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara nüsrət (kömək və qələbə) bəxş ediləcək. Bizim ordularımızın mütləq qələbəsi labüddür”. (Saffat surəsi, 171-173)

 

Allah həmişə elçilərini digər insanlardan üstün etmişdir. Tarix boyu göndərilən hər peyğəmbər, Allahın köməyi ilə düşmənlərinə qarşı üstünlük qazanmış, onların qurduqları tələlərdən qorunmuşdur. Aldıqları hər qərar, tətbiq etdikləri hər üsul həmişə xeyirlə və müvəffəqiyyətlə nəticələnmiş, Rəbbimiz onları hər vəziyyətdə dəstəkləmişdir.

Dolayısilə Allahın elçisi hz. İsa (ə.s)-ı gözləyən möminlər üçün, yol göstərən digər bir əlamət də, onun hər işinin müvəffəqiyyətlə nəticələnməsi olacaq. Belə ki, aldığı hər qərar, tətbiq etdiyi hər üsul, özü və ətrafındakı möminlər üçün xeyirli nəticə verəcək. Hətta ilk baxışda çatışmazlıq kimi, görünən hadisələr də bir müddət sonra onların xeyirinə çevriləcək. Həmçinin hz. İsa (ə.s)-ın aldığı bütün qərarların ən doğru, ən məqbul olduğunu bu hadisələr isbat edəcək. Çünki Allah Quranda elçilərinin hər nə olursa olsun bütün çətinliklərə baxmayaraq, üstün gələcəklərini və onları qəti olaraq Öz köməyi ilə dəstəkləyəcəyini vəd etmişdir.

Allahın bu vədi sayəsində hz. İsa (ə.s)-ın kiçik-böyük hər işdə qazandığı müvəffəqiyyət və bərəkət həm düşmənlərinin, həm də yanındakı iman sahiblərinin diqqətini çəkəcək qədər aydın olacaq. Düşmənləri də, bu vəziyyətin fövqəladəliyini görəcək, lakin bunun Allahdan gələn kömək olduğunu təqdir edə bilməyəcəklər. Çünki onların məqsədi, “özləri kimi bir insan” hesab etdikləri bu mübarək insana qarşı üstün gəlməkdir. Lakin; "sonra elçilərimizi və iman sahiblərini xilas edərik. İman sahiblərini xilas etmək Bizə vacibdir " (Yunis surəsi, 103) ayəsində də bildirildiyi kimi, Allah bu mövzuda etdikləri hər şeyi nəticəsiz çıxardacaq və elçisinə kömək edəcək. Ona qurulan tələlər heç vaxt uğurlu nəticə verməyəcək.

 

6) Etdikləri üçün qarşılıq gözləməz

 

Bütün elçilərin daşıdığı ortaq bir xüsusiyyət də, etdikləri heç bir şey üçün qarşılıq gözləməmələridir. Etdikləri böyük xidmətlər qarşılığında gözlədikləri tək şey Allahın rizasıdır. Ətraflarındakı heç kəsdən bir qarşılıq, bir fayda tələb etməzlər. Necə ki, Quranda, bütün elçilərin bu xüsusiyyətə sahib olduqları və bunu sözlə də dilə gətirdikləri bildirilir:

 

Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamayacaqsınız? (Hud surəsi, 51)

 

Elçilərin sahib olduqları bu üstün xüsusiyyət, hz. İsa (ə.s)-da da görüləcək. Allahın peyğəmbəri olaraq bütün insanları İslam dininə dəvət edəcək. Lakin etdiyi şeylərin qarşılığında heç bir maddi mənfəət və qarşılıq gözləməyəcək. Quranda bildirilən bütün elçilər kimi, etdiyi hər şeyin qarşılığını Allahdan gözləyəcək və bu xüsusiyyəti ilə də istər yaxın ətrafında, istərsə də içində olduğu cəmiyyətdə diqqət çəkəcək.

Lakin bu xüsus unudulmamalıdır ki, digər mövzularda olduğu kimi, bu mövzuda da onu, təkcə iman sahibləri tqədir edə bilərlər. İçində olduğu cəmiyyət, hz. İsa (ə.s)-ın bu xüsusiyyətini görsələr də, bəzi düşmənləri ona mane olmaq üçün, digər bütün peyğəmbərlərə atıldığı kimi, ona da müxtəlif böhtanlar ata bilərlər. Şübhəsiz ki, bu böhtanlar arasında onun "etdikləri qarşılığında mənfəət təmin etməyə çalışdığı" kimi ittihamların olması da mümkündür. Lakin Allah hər mövzuda işinin xeyirlə nəticələnməsinə icazə verdiyi kimi, bu mövzuda da inkarçıların böhtanlarının əsassızlığını ayrı-ayrılıqda ortaya çıxardar və elçisinə kömək edər.

 

7) Möminlərə qarşı şəfqətli və mərhəmətlidir

 

Peyğəmbərlərdə görülən ən mühüm xüsusiyyətlərdən biri də "mərhəmət və şəfqət"dir. Peyğəmbərlər həmişə yanlarındakı möminlərə qarşı çox şəfqətli və mərhəmətli olublar və onların dünyadakı və axirətdəki vəziyyətlərini düzəltmək üçün çalışıblar. Hz. İsa (ə.s)-ın əxlaqının ən nəzərə çarpan xüsusiyyətlərindən biri də möminlərə qarşı olan bu şəfqəti və mərhəməti olacaq. Allah, göndərdiyi elçilərdə çox sıx şəkildə görülən bu əxlaq üstünlüyünü Quranda belə tanıtmışdır:

 

And olsun ki, sizə özünüzdən elə bir Elçi gəldi, sıxıntıya düşməyiniz ona ağır gəlir. O sizə qarşı düşkün, möminlərə qarşı isə, şəfqətli və rəhmlidir. (Tövbə surəsi, 128)

Məhz hz. İsa (ə.s) da bu ayədə ifadə edildiyi kimi, ətrafındakı möminlərə qarşı olduqca "müşfiq və qoruyucu" rəftar göstərəcək və bu bənzərsiz səmimiyyət və mehribanlıq onun hz. İsa (ə.s) olduğunun ən aydın dəlillərindən birini meydana gətirəcək.

 

 

Dünyada heç bir qohumu, tanıyanı, ailəsi olmamasıyla tanınacaq

 

Hz. İsa (ə.s) Quranda bildirilən peyğəmbər xüsusiyyətləri ilə tanına biləcək. Lakin bunlardan başqa onu insanlara tanıdan başqa amillər də olacaq. Şübhəsiz ki, bunlardan ən əhəmiyyətlisi hz. İsa (ə.s)-ın dünyada bir ailəsinin, heç bir qohumunun, əvvəlcədən tanıdığı tək bir insanın olmamasıdır.

Həqiqətən də, hz. İsa (ə.s) yenidən yer üzünə gəldikdə ətrafında özünü tanıyan heç kəs olmayacaq. Onun fiziki xüsusiyyətlərini, simasını və ya səs tonunu tanıyan tək bir insan da çıxmayacaq. Yer üzündə tək bir insan; "mən onu daha əvvəldən tanıyıram, filan vaxt görmüşdüm, onun ailəsi və yaxınları bu insanlardır" kimi bir iddia ilə çıxış edə bilməyəcək. Çünki onu tanıyan bütün insanlar bundan təxminən 2000 il əvvəl yaşamış və ölmüşdürlər. Anası hz. Məryəm, hz. Zəkəriya, illərlə yanında olmuş həvariləri, dövrün yəhudi qabaqcılları və bilavasitə hz. İsa (ə.s)-dan təbliğ almış insanlar vəfat ediblər. Dolayısilə ikinci dəfə yer üzünə gəldikdə, onun doğumuna, uşaqlığına, gəncliyinə və yetkinliyinə şahid olmuş tək bir insan olmayacaq və onun barəsində heç kim heç nə bilməyəcək.

Kitabın əvvəlki hissələrində də açıqladığımız kimi, hz. İsa (ə.s) Allahın "ol" əmri ilə atasız dünyaya gəlmişdir. Aradan əsrlər keçdikdən sonra isə, məlum olan heç bir qohumu olmaması çox normaldır. Allah, hz. İsa (ə.s)-ın bu vəziyyətini Quranda hz. Adəmin yaradılışına bənzədir və belə buyurur:

 

Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” dedi, o da dərhal oldu. (Ali İmran surəsi, 59)

 

Ayədə də ifadə edildiyi kimi, Allah hz. Adəmə "ol" demişdir və hz. Adəm yaradılmışdır. Məhz hz. İsa (ə.s)-ın ilk yaradılışı da, Allahın "ol" deməsiylə baş tutmuşdur. Hz. Adəmin ana və atası yoxdur, hz. İsa (ə.s)-ın isə, dünyaya gəldiyi ilk vaxtda isə, təkcə anası hz. Məryəm olmuşdur, lakin yer üzünə ikinci dəfə gəldikdə onun anası da həyatda olmayacaq. Aradan əsrlər keçdikdən sonra məlum olan heç bir qohumu olmadan yer üzündə olacaq.

Şübhəsiz ki, bu sayədə hz. İsa (ə.s) yer üzünə yenidən gəldikdə, onun hz. İsa (ə.s) olduğundan şübhə edilə biləcək vəziyyət yaranmayacaq. Saxta Məsihlik iddiası ilə çıxış edənlərin yalanları isə, asanlıqla aydın ola biləcək. Çünki bütün uşaqlığı insanlar arasında keçmiş, çox sayda uşaqlıq şəklinə sahib, özünü kiçik yaşlarından bəri tanıyan saysız insan olan, bir insanın hz. İsa (ə.s) olduğunu iddia etməsi olduqca məntiqsizdir.