Your browser version is outdated. We recommend that you update your browser to the latest version.

Quranda Məryəm oğlu 
İsa Məsih-2

 Quranda peyğəmbərlərin ölümündən necə bəhs edilir?

   

Quranda peyğəmbərlərin ölümlərinin nəql olunduğu hekayələrdə işlənən sözlərlə, hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsinin izah edildiyi ayələrin araşdırılması, mühüm bir həqiqəti ortaya çıxardır. Bu bölmədə hz. İsa (ə.s) hekayəsində işlənən və digər peyğəmbərlərin ölümlərini ifadə edən sözlərin ərəbcə qarşılıqlarını və Quran ayələrində nə cür istifadə edildiklərini araşdıracağıq. Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsiylə əlaqədar, istifadə edilən sözlər gələcəkdə daha təfərrüatlı görəcəyimiz kimi; "katele (öldürmək), mate (ölmək), haleke (həlak olmaq), salebe (asmaq)" və ya bir neçə xüsusi sözdür. Halbuki hz. İsa (ə.s) üçün, Quranda çox açıq ifadə ilə; "onu öldürmədilər (ma katelehu) və asmadılar (ma salebuhu)" ifadəsindən istifadə edilərək heç bir öldürmə formasıyla öldürülmədiyi vurğulanır.İnkarçılara, hz. İsa (ə.s)-ın bənzərinin göstərildiyi və onun Allah qatına yüksəldildiyi bildirilir. Ali İmran surəsində isə, hz. İsa (ə.s)-ı Allahın vəfat etdirəcəyi və onu Öz qatına yüksəldəcəyi bildirilmişdir:

  

O vaxt Allah İsaya dedi: “Ey İsa! Mən səni vəfat etdirib (müteveffiyke) Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm … (Ali İmran surəsi, 55)

  

Quranda ölüm mənasını bildirən sözlərin və Ali İmran surəsində işlənən "vəfat etdirmə" sözünün istifadə formaları belədir:

  

1)       Teveffa: Vəfat etdirmə

  

Ayədə işlənən "vəfat" sözü Azərbaycan dilində işlədilən ölmək mənasından fərqli mənalar verir. Ayələrin ərəbcə qarşılıqlarının araşdırılması, hz. İsa (ə.s)-ın bildiyimiz mənada ölmədiyini açıqca göstərir. Maidə surəsinin 117-ci ayəsində ölüm hadisəsindən belə bəhs edilir:

  

Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” demişəm. 1)  Nə qədər ki, onların arasındayam, mən onlara şahidəm. Məni vəfat etdirdikdə (teveffeyteni) isə, onlara şahidlik edən Özün oldun. Sən hər şeyə Şahidsən. (Maidə surəsi, 117)

   

Ali İmran surəsinin 55-ci ayəsində isə, Allahın hz. İsa (ə.s)-ı "vəfat etdirəcəyi", inkarçılardan qoruyacağı və onu Öz qatına yüksəldəcəyi xəbər verilir. Ayənin təfsirindən çıxan məna, (bir çox İslam alimi və təfsirçisinin ortaq fikri ilə) hz. İsa (ə.s)-ın ölməmiş olmasıdır. Ayədə belə bildirilmişdir:

  

O vaxt Allah İsaya dedi: “Ey İsa! Mən səni vəfat etdirib (müteveffiyke) Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də anlaşmazlığa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm. (Ali İmran surəsi, 55)

  

Bu ayələrdə işlənən və azərbacan dilindəki tərcümələrdə öldürmə və ya vəfat etdirmə kimi, tərcümə edilən söz ərəbcədə "vefea" kökündən törəyən "teveffa" felidir və bu fel ölüm mənasını deyil, "canın alınması" mənasını verir.Necə ki, ərəbcə təfsirlərdə də ölüm mənasında işlədilmir. İslam alimi Qurtubinin təfsiri bunun nümunələrindən biridir. Qurtubinin təfsirində həmin bu söz üçün; "nəfslərin alınması" ifadəsi işlədilmişdir. Necə ki, insanın canının alınmasının həmişə ölüm mənasını vermədiyi yenə Quranda bizə bildirilir. Məsələn, "teveffa" sözünün işləndiyi bir ayədə insanın ölməsindən deyil, yuxuda canının alınmasından bəhs edilir:

  

Sizi gecələr vəfat etdirən (yeteveffakum) və gündüzlər "nə etdiklərinizi" bilən, sonra müəyyən olunmuş əcəl çatana qədər onda sizi dirildən Odur... (Ənam surəsi, 60)

  

Bu ayədə "vəfat etdirmə" kimi tərcümə edilən sözlə, Ali İmran surəsinin 55-ci ayəsində işlədilən söz eynidir, yəni hər iki ayədə də "teveffa" sözü işlənilir. İnsanın, gecələr içində olduğu vəziyyət ölüm olmadığına görə yuxarıdakı ayədə işlədilən "yeteveffakum" sözünün ölümü nəzərdə tutmadığı, düzgün tərcümənin "gecə canlarınızı alan" kimi olmalı olduğu aydındır. Aşağıdakı ayədə isə, eyni sözdən bu cür istifadə edilir:

  

Allah, öləcəkləri (mevt) zaman canlarını alar (yeteveffa); ölməyənin də yuxusunda (canını alar) (lem temut). Beləliklə də, barəsində ölüm qərarı (el mevte) veriləni tutar, o birisini isə müəyyən olunmuş əcəli çatana qədər sərbəst buraxar... (Zumər surəsi, 42)

  

Bu ayədən də aydın olacağı kimi, Allah yatan insanın canını alır, lakin barəsində ölüm qərarı verilməyəni əcəli çatana qədər təkrar sərbəst buraxır. Buna görə də, insan bildiyimiz mənada ölmüş olmaz. Təkcə müvəqqəti olaraq ruhu bədənini tərk edər və fərqli bir aləmə daxil olar. Oyanacağı vaxt isə, ruhu təkrar bədəninə qaytarılar.

 

Yuxunun bir növ vəfat kimi qiymətləndirildiyini, lakin bununla bioloji ölümün nəzərdə tutulmadığını göstərən nümunələrdən biri də Peyğəmbərimiz (s.ə.v)-in yuxusundan oyandığı zaman: "Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun" (Buhari, Kitabu'd Deavat 6312) dediyini bildirən hədisdir. Şübhəsiz ki, hz. Məhəmməd (s.ə.v) bu hikmətli sözüylə, yatılan vaxt bioloji mənada ölüm baş verdiyinə deyil, yatan insanın bizim anladığımızdan fərqli mənada "canının alındığına" diqqət çəkmişdir. Tanınmış İslam alimi və təfsirçi İbn Kəsir də, Ali İmran surəsini təfsir edərkən, digər bir çox dəlillə birlikdə həmin bu hədisdən istifadə etmişdir. İbn Kəsirin təfsirində, "teveffa" sözünün yuxuya işarə etdiyi, eyni sözün digər ayələrdə nə cür qeyd olunduğu göstərilərək izah olunur. İbn Kəsir, bu izahlardan sonra, İbn Əbu Hatimdən rəvayət edilən bir hədisdən də istifadə edərək qənaətini belə ifadə edir:

 

İbn Əbu Hatim belə deyir: "Atam bizə... Həsəndən belə rəvayət etdi: “Səni vəfat etdirəcəyəm...” ayəsi barəsində bu açıqlamanı vermişdir: Burada, “Səni yuxu kimi ölüm ilə öldürəcəyəm, yəni yatırdacağam” mənasındadır ki, Allah hz. İsa (ə.s)-ı yuxuda olarkən göyə qaldırmışdır... Bu mütləq həqiqətdir ki, Allah, hz. İsa (ə.s)-ı, yuxu ilə vəfat etdirdikdən sonra göyə qaldırmış və həmin dövrdə özünə əziyyət verən yəhudilərin əziyyətlərindən xilas etmişdir”. (İbn Kesir, Tefsiru'l Kur'ani'l Azim, I cild, səh. 573-576)

 

İslam alimlərindən Məhəmməd Zahid əl-Kövsəri isə, "teveffa" felinin mənasını araşdırarkən, ayədə bu felin ölüm mənası vermədiyini ifadə etmiş və Zumər surəsinin 42-ci ayəsində işlənən "ölüm" sözünə diqqət çəkmişdir:

 

Əgər hz. İsa (ə.s) ölmüş olsaydı (belə ki, bu doğru deyil), "Allah ölüm vaxtı gələn nəfsləri vəfat etdirər" (Zumər surəsi, 42) tərcüməsindəki ayədə işlənən və ölüm mənasını verən "mevt" sözü bildirilməzdi... Əgər iddia edildiyi kimi, Allah adi ölümü (bioloji mənada ölümü) bildirmiş olsaydı, bu açıqca xəbər verilərdi. Madam ki, Allah, yəhudilərin hz. İsa (ə.s)-ı öldürmədiyindən, vəfatdan və göyə yüksəlməkdən bəhs etməkdədir, o zaman burada normal ölümdən başqa məna düşünülməlidir. (Zahid Kevseri, Nazratün Abire fi Mezaimi men Yünkiru Nüzule İsa kable'l-Ahire, Mısır, 1980, səh. 34-37)

 

İslam tarixinin ilk təfsirçilərindən biri kimi qəbul edilən Matüridi də, ayədə hz. İsa (ə.s)-ın bilinən bioloji mənada ölümündən bəhs edilmədiyini ifadə etmişdir:

 

Ayədə nəzərdə tutulan şey, ölüm mənasındakı vəfat deyil, bədənin dünyadan alınması mənasındakı vəfatdır. (Maturidi, Tev'vilatü'l Kurani'l Metaun, Beyrut, səh. 67)

 

İslam alimləri, teveffa felini şərh edərkən hz. İsa (ə.s)-ın ölmədiyi, Allah qatına yüksəldildiyi və qiyamətdən əvvəl yer üzünə təkrar qayıdacağı mövzusunda ittifaq təmin ediblər. Məsələn, tanınmış təfsir alimi Təbəri, bu felin "yerdən almaq" mənasında işlədildiyini söyləyir və ayəni bu cür izah edir:

 

Bizə görə ən sağlam fikir bu sözü "kabzetmek", "yerdən çəkmək" mənasında götürməkdir. Buna görə ayənin mənası; "səni yerdən alıb, göylərə çəkərəm" şəklində olar. Ayənin davamı da, Axırzamanda inkarçılara qalib gəlməyə diqqət çəkərək bu fikri təsdiqləyən mahiyyətdədir. (Taberi Tefsiri, III cild, 290-1)

 

Elmalılı Həmdi Yazır (Elmalılı Hamdi Yazır), təfsirində bu ayədən başa düşülən mənanın, hz. İsa (ə.s)-ın ölmədiyi, Allah qatında diri olduğu şəklində bildirir:

 

...Bizcə bu təfsir və inancın xülasəsi budur: Allah tərəfindən bir kəlmə olan və müqəddəs ruhla qüvvətləndirilmiş İsa Məsihin ruhu hələ təslim alınmamışdır. Ruhunun əcəli gəlməmişdir. Kəlmə hələ Allaha qayıtmamışdır. Onun hələ dünyada görəcəyi işlər var. (Elmalılı Hamdi Yazır, Hak Din Kuran Dili, II cild, səh. 1112-1113)

 

Nəticə etibarilə, hz. İsa (ə.s)-ın yuxudakına bənzər vəziyyətə daxil edilərək Allah qatına yüksəldildiyini, hadisənin bildiyimiz ölüm olmadığını, təkcə bu aləmi tərk etmək olduğunu söyləyə bilərik (doğrusunu Allah bilər).

  

 2) Katele: Öldürmək

  

Quranda ölüm mövzusundan bəhs edilərkən, əsasən ərəbcədə "öldürmək" mənasını verən "katele" sözündən istifadə edilir. Mümin surəsində "katele" sözündən bu cür istifadə edilir:

 

 Firon dedi: "Buraxın məni, Musanı öldürüm (aktul) ki, (gedib) Rəbbinə yalvarsın... (Mümin surəsi, 26)

  

Ayədə işlənən "Musanı öldürüm" ifadəsinin ərəbcəsi "aktul Musa" kimidir. Bu söz katele felindən törəmişdir. Digər bir ayədə isə, eyni sözdən, bu cür istifadə edilir:

 

 ...Peyğəmbərləri haqsız yerə öldürmələrinə görə idi (yaktulune)... (Bəqərə surəsi, 61)

  

Ayədə işlənən "öldürmələrindən görə idi" sözünün ərəbcəsi "yaktulune" kimidir və yenə eynilə katele sözündən törəmişdir. Həmçinin tərcümədə də açıqca ifadə edildiyi kimi, "öldürmək" mənasını verir. Aşağıda peyğəmbərlərin ölümündən bəhs edən bəzi ayələrdə "katele" felinin nə cür işlədildiyi bildirilir.Mötərizə daxilində mənaları bildirilən bütün sözlərin kökləri KATELE feilidir:

 

 ...Onların bu sözlərini və peyğəmbərləri haqsız yerə öldürmələrini (katlehum) yazacağıq... (Ali İmran surəsi, 181)

 

 ...təkəbbür göstərərək, bir qisminiz onları yalançı hesab edəcək, bir qisminiz də öldürəcəkmi?(taktulune) (Bəqərə surəsi, 87)

 

 ...De: "Əgər inanırdınızsa, daha əvvəl nə üçün Allahın peyğəmbərlərini öldürürdünüz? (taktulune)". (Bəqərə surəsi, 91)

  

Allahın ayələrini inkar edənlər, peyğəmbərləri haqsız yerə öldürənlər (yaktulune) və insanlardan ədaləti əmr edənləri öldürənlər (yaktulune); ... (Ali İmran surəsi, 21)

  

...Əgər doğru danışanlarsınızsa, onda nə üçün onları öldürürdünüz? (kateltumuhum) (Ali İmran surəsi, 183)

 

 ...O belə demişdi: "Səni mütləq öldürəcəyəm"... (Le aktulenneke) (Maidə Surəsi, 27)

  

Əgər məni öldürmək (taktuleni) üçün, əlini mənə uzatsan, mən səni öldürmək (aktuleke) üçün əlimi sənə uzadan deyiləm... (Maidə surəsi, 28)

  

Öldürün (uktulu) Yusifi və ya onu bir yerə atıb tərk edin... (Yusif surəsi, 9)

  

Fironun zövcəsi dedi: “Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin... (la taktulu)” (Qəsas surəsi, 9)

  

"Ey Musa! Qabaqcıllar səni öldürmək (li yaktulu) barəsində məşvərət edirlər..." (Qəsas surəsi, 20)

  

Qövmünün (İbrahimə) cavabı isə ancaq: “Ya onu öldürün (uktuluhu), ya da yandırın!” demələri oldu... (Ənkəbut surəsi, 24)

  

 3) Haleke: Ölmək

  

Quranda öldürmək feli üçün işlədilən digər bir söz də, "haleke" felidir. Haleke sözü ayələrdə "həlak olmaq, ölmək" mənalarında işlədilir. Məsələn, Mümin surəsinin 34-cü ayəsində belə işlənir:

  

...Nəhayət, o, vəfat etdikdə (haleke) dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!”... (Mümin surəsi, 34)

 

 Ayədə, azərbaycan dilinə "vəfat etdikdə" kimi tərcümə edilən sözün ərəbcəsi "iza heleke" kimidir və bu sözün mənası da ölmək deməkdir.

  

 4) Mate: Ölüm

 

 Quranda peyğəmbərlərin ölümü ilə əlaqədar işlədilən digər bir söz isə "mate" sözüdür. Mata sözü ayələrdə "ölmək" mənasında işlədilir.Səba surəsində hz. Süleymanla əlaqədar belə bildirilir:

 

 Onun (Süleymanın) ölümünə (el mevte) hökm verdiyimiz zaman onun öldüyünü (mevtihi), onlara ancaq əsasını yeyən bir ağac qurdu xəbər verdi... (Səba surəsi, 14)

 

 Eyni kökdən gələn digər bir söz isə, hz. Yəhya barəsində işlədilir:

 

 ...Doğulduğu gün də, öləcəyi gün (yemutu) də, yenidən dirildiləcəyi gün də ona salam olsun! (Məryəm surəsi, 15)

  

Bu ayədə "öləcəyi" kimi tərcümə edilən sözün ərəbcəsi "yemutu" sözüdür. Eyni söz hz. Yaqubun ölümü ilə əlaqədar ayələrdə də işlədilir:

  

Yoxsa siz Yaqubun ölüm anında (el mevte) onun yanında idiniz? (Bəqərə surəsi, 133)

  

Bu ayədə işlənən "el mevte" sözü də yenə eyni kökdən gəlir və ölüm mənası daşıyır.

 

Hz. Məhəmməd (s.ə.v) ilə əlaqədar bir ayədə isə, "katele" və "mate" felləri eyni anda işlədilir:

  

Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. Məgər o ölərsə (mate) və ya öldürülərsə (kutile) siz gerimi dönəcəksiniz?... (Ali İmran surəsi, 144)

  

Mate (ölmək) kökündən gələn mevt sözü, yenə peyğəmbərlərin ölümlərindən bəhs edilən başqa ayələrdə də işlənilir:

  

...O dedi: “Kaş bundan əvvəl öləydim (mittu) və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)

 

 Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük (el hulde) nəsib etmədik. Məgər sən öləcəksən (mitte), onlar həmişəlik qalacaqlar?! (Ənbiya surəsi, 34)

  

O Rəbb ki, məni öldürəcək (yumituni), sonra dirildəcəkdir. (Şuəra surəsi, 81)

  

 5) Halid: Ölümsüz

 

 Ayələrdə işlənib, bilavasitə ölmək və ya öldürmək felini deyil, təkcə ölümsüzlüyü ifadə edən digər bir söz də, "halid" sözüdür. Halid sözünün mənası daimi olmaq, ölməzliyi davam etmək kimidir. Ənbiya surəsində "halid" sözündən bu cür istifadə edilmişdir:

  

Biz onları yemək yeməyən bir vücud etmədik. Onlar əbədi (halidiyne) də deyillər. (Ənbiya surəsi, 8)

  

 6) Salebe: Asmaq

 

 Quranda peyğəmbərlərin ölümlərindən bəhs edilərkən işlədilən sözlərdən biri də salebe (asmaq) felidir. Salebe feli "asmaq, çarmıxa çəkmək və edam etmək" kimi mənalara gəlir.Bu fel ayələrdə bu cür işlədilir:

 

 ...Halbuki onu öldürmədilər və onu asmadılar (ma salebu)... (Nisa surəsi, 157)

 

 ...Sizdən biriniz öz ağasına şərab içirdəcək, digəriniz isə asılacaq (yuslebi)... (Yusif surəsi, 41)

 

 ...Ancaq öldürülmələri və ya asılmaları (yusallebu)... (Maidə surəsi, 33)

 

 Mütləq əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı edam edəcəyəm (usallibennekum). (Əraf surəsi, 124)

 

 ...Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində asacağam (usallibennekum)... (Taha surəsi, 71)

  

...Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı asacağam (usallibennekum). (Şuəra surəsi, 49)

  

Ayələrdən də göründüyü kimi, digər peyğəmbərlərin ölümlərinin çatdırıldığı ayələrdə çox müxtəlif sözlərdən istifadə edilir. Allah Quran ayələrində hz. İsa (ə.s)-ın öldürülmədiyini, insanlara onun bir bənzərinin göstərildiyini, onu Öz qatına yüksəltdiyini bildirmişdir. Hz. İsa (ə.s) üçün "canını almaq" mənasını verən "teveffa" feli işlədildiyi halda, digər peyğəmbərlər üçün normal ölümü ifadə edən katele və ya mevt kimi fellər işlədilir. Bu məlumatlar isə, bizə hz. İsa (ə.s)-ın vəziyyətinin fövqəladəliyini bir daha göstərir.

 

 Allah hz. İsa (ə.s)-ı öz qatına yüksəltmişdir

 

 Hz. İsa (ə.s)-ın ölməmiş və öldürülməmiş olmasının mühüm dəlillərindən biri də, Rəbbimizin hz. İsa (ə.s)-ı Özünə tərəf qaldırdığını bildirməsidir. Ayələrdə bu həqiqət belə bildirilir:

  

...Mən səni vəfat etdirib Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm... (Ali İmran surəsi, 55)

 

 ...Əksinə (bel); Allah onu Özünə tərəf qaldırdı (refea). Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. (Nisa surəsi, 158)

 

 llah hz. İsa (ə.s)-ı Özünə tərəf qaldıraraq onu, inkar edənlərin hiylələrindən qorumuş və xilas etmişdir. Ayələrdə "rafiuke" və "refea" kimi işlənən sözün ərəbcə kökü "ref" sözüdür. Ref sözünün lüğəvi mənası "yüksəlməkdir".İslam alimi Əşari, Ali İmran surəsinin 55-ci ayəsini, Nisa surəsinin 158-ci ayəsi ilə birlikdə izah etmiş və bu mövzudakı qənaətini belə ifadə etmişdir: "Hz. İsa (ə.s)-ın diri vəziyyətdə səmaya ref edildiyi (yüksəldildiyi) barəsində, ümmətin icmai var" (Eşari, el-İbane an Usuli'd Diyane, thk. ve ta'l. Fevkıyye Hüseyin Mahmud, Kahire, 1986, II, səh. 115) (icma-i ümmət: eyni əsrdə yaşamış İslam alimlərindən müctəhid olanların, bir məsələ barəsində verilən hökmdə birləşmələridir).

 

İslam alimlərinin böyük əksəriyyəti bu ayələri izah edərkən; "hz. İsa (ə.s)-ın ölmədiyi, Allah qatına yüksəldildiyi və bu yüksəlmənin ruhu və bədəni ilə birlikdə baş verdiyi" barəsində həmfikirdirlər.

 

Həsən Bəsri Çantay (Hasan Basri Çantay) təfsirində, "rafiuke" sözünü "Özünə yüksəldib qaldırmaq" kimi təfsir etmiş və fikrini: "Allah hz. İsa (ə.s)-ı ruhu və bədəni ilə birlikdə yüksəldib qaldırmışdır" kimi açıqlamışdır. (Hasan Basri Çantay, Kuran-ı Hakim ve Meal-i Kerim, I cild, səh. 92)

 

İbn Teymiyyənin izahı isə belədir: "Allah onu Öz qatına yüksəltdi... ayəsi, hz. İsa (ə.s)-ın ruhu və bədəni ilə yüksəldildiyini izah edir..." (İbn Teymiyye, Mecnuu Fetava, IV, s. 323)

 

Zahid Kövsəri isə, Quranda hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsi məsələsinin etiraz edilə bilməyəcək qədər açıq və dəqiq olduğunu ifadə edir. Ali İmran surəsinin 55-ci ayəsini və Nisa surəsinin 157-ci və 158-ci ayələrini dəlil kimi göstərən Kövsəri, bu ayələrdə hz. İsa (ə.s)-ın refinin nass (Nass: Konkretlik, açıqlıq. Qurani Kərimdə və ya hədislərdə bir iş və ya mövzu haqqında olan açıqlıq və bu şəkildə açıq olan kəlam və ayə) hökmündə olduğunu söyləyir və məsələni belə izah edir:

 

Çünki refin əsil mənası demək olar ki, düzgün nəql olunmuşdur. Burada ayələri məcazi mənada izah edə biləcək bir xüsus yoxdur. Dolayısilə şərəf və mövqe baxımından yüksəltmə kimi bir mənanı çıxartmağa çalışmağın bir dəlili yoxdur. (Zahid Kevseri, Nazratün Abire, səh. 93)

 

Quran ayələrindən və İslam alimlərinin açıqlamalarından açıqca göründüyü kimi, hz. İsa (ə.s) diri vəziyyətdə, bədəniylə Allah qatına yüksəldilmişdir. Bu, Allahın möcüzəsidir və iman gətirənlərin böyük şövq və həyəcan duyacaqları bir möcüzədir. Hz. İsa (ə.s)-ın təkcə ruhunun Allah qatına yüksəldildiyi və ya bu yüksəldilmə ilə mənəvi (mövqe cəhətdən) yüksəlişin nəzərdə tutulduğu iddiaları isə, həqiqəti əks etdirmir. Yuxarıda da bəzi nümunələri verildiyi kimi, bir çox İslam alimi bu iddiaların əsassızlığını əsərlərində sübut ediblər.

 

Hz. İsa (ə.s)-ın diri vəziyyətdə Allah qatına yüksəldilməsinin digər mühüm dəlili isə, Nisa surəsinin 158-ci ayəsində işlədilən ərəbcə "bel" zərfidir. Azərbaycan dilinə "əksinə" mənasında tərcümə edilən bu zərfin, ərəb qrammatikasındakı mənası və istifadə olunma xüsusiyyətləri çox mühüm bir həqiqətə diqqət çəkir. Buna görə də, bel zərfi inkar cümləsindən sonra gəlsə, ərəb qrammatikasının qaydalarına görə özündən sonra gələn cümlə, əvvəlki cümlənin tam əksi olmalıdır. Belə olan halda, hz. İsa (ə.s) ilə əlaqədar bildirilən ayədə də: "...Onu öldürmədilər, əksinə (bel) Allah onu Özünə yüksəltdi..." ifadəsində ölümün tam əksi olan canlılığa işarə edilməsi də mümkündür (doğrusunu Allah bilər). Mövzuyla əlaqədar, son dövr İslam alimlərindən şeyxülislam Mustafa Səbri Əfəndi də bu şərhi verir:

 

Nisa surəsinin 158-ci ayəsidə işlənən və bilakis (əksinə) kimi tərcümə etdiyimiz, “bel” zərfi inkar cümləsindən sonra gəlsə, ərəb qrammatikasının qaydasına görə özündən sonrakı cümlə, özündən əvvəlki cümlənin tamamilə əksiolmalıdır. Ölümün əksi canlılıqdır. Qrammatik qaydalar bunu tələb edir. Əgər biz "burada mənəvi refdən söhbət gedir" və "hz. İsa (ə.s) normal olaraq vəfat etmişdir" desək bu qanuna tərs düşərik. Çünki bu təqdirdə bel zərfindən sonra gələn ref, zərfdən əvvəl gələn eyni zamanda inkar cümləsi olan öldürmə və asma fellərinə tərs olmaz. Çünki bir şəxs həm öldürülmüş, həm də ruhu göyə yüksəlmiş ola bilər. Əks halda bu ifadə mənasız olar ki, Qurani Kərim belə mənasız ifadələrdən uzaqdır... Refin təkcə ruhən olduğunu müdafiə edənlərin şərhlərinə görə ayənin tərcüməsi belədir: "Onu öldürmədilər və asmadılar... əksinə Allah onun dərəcəsini yüksəltdi". Nəinki burada sanballı söz, orta dərəcəli bəlağət (gözəl söz söyləmək sənəti) də yoxdur... "Mənzilin lifti məni hər gün qaldığım dördüncü mərtəbəyə çıxardar" deyildikdə, heç bir ağıllı insan bu sözdən məni təkcə ruhən dördüncü mərtəbəyə çıxardar kimi bir məna anlamaz. O zaman hz. İsa (ə.s) dtəkcə ruhən yüksəldilməmişdir. (Mustafa Sabri, Mevkıfu'l Akl, səh. 233)

 

Səid Ramazan əl-Butinin İslam Əqaidi adlı əsərində isə, eyni mövzu bu cür izah olunmuşdur:

 

Ayənin əvvəlki hissəsi ilə sonrakı hissələri arasındakı qarşılıqlı uyğunluq, zəruri olaraq bir həqiqəti ortaya çıxardır. Məsələn, bir ərəbin: "Mən adeyiləm, əksinə səndələyirəm" deməsi düzgün bir cümlə deyil. Eynilə: "Halid ölmədi, əksinə o yaxşı bir insandır" cümləsi də sözləri baxımından qırıq cümlədir. Düzgün variantı isə: "Halid ölmədi, əksinə yaşayır" kimi olmalıdır. "Başçı öldürülmədi, o Allah qatında dərəcəsi üstün bir insandır" demək, cümlədə məna itkisi yaradar. Çünki onun Allah qatında yüksək dərəcə sahibi olması, öldürülməsinə maneə deyil. “Bel” zərfi, əvvəlki sözlə sonrakı söz arasında müəyyən ziddiyyət ifadə edər. Yəni “bel” özündən əvvəl keçmiş bir hökmü aradan qaldırar. (M. Said Ramazan el-Buti, Yaratıcının Varlığı ve Yaratılanın Görevi İslam Akaidi, Mavde nəşriyyatı, İstanbul, 1996, səh. 338)

 

Açıqca göründüyü kimi, üstün güc və qüdrət sahibi olan Allah, hz. İsa (ə.s)-a qurulan tələni, onu diri şəkildə Öz qatına yüksəldərək puç etmişdir. Bütün bu dəlillər bir daha hz. İsa (ə.s)-ın Allah qatında diri olduğunu və Rəbbimizin təqdir etdiyi vaxtda yenidən yer üzünə gələcəyini göstərir (doğrusunu Allah bilər).

 

  Allahın hz. İsa (ə.s)-ı inkar edənlərdən təmizləməsi

 

 Hz. İsa (ə.s)-ın Allah qatına yüksəldilməsi mövzusunda, ayələrdə verilən məlumatlardan biri də; Allahın hz. İsa (ə.s)-ı inkarçılardan təmizləyəcəyini bildirmiş olmasıdır. Ali İmran surəsinin 55-ci ayəsində belə buyurulmuşdur:

  

...Səni Özümə tərəf qaldıracağam (rafiuke), səni inkarçılardan təmizləyəcək (mutahhiruke) və sənin ardınca gedənləri Qiyamət gününə qədər inkarçılardan üstün edəcəyəm… (Ali İmran surəsi, 55)

 

Ayənin ərəbcəsində işlənən "mutahhiruke" sözünün kökü "tahara" sözüdür və lüğəvi mənası; təmiz olmaqdır. İslam alimləri, ayədə bildirilən bu ifadənin, hz. İsa (ə.s)-ın diri şəkildə Allah qatına yüksəldilmiş olmasının dəlillərindən biri olduğunu qəbul edirlər. İslam alimlərinə görə ayənin təfsiri; "səni alıram, qatıma yüksəldirəm və səni kafirlər və facirlərlə (yalançı, fasiq, zinakar) çirklənən bu mühitdən uzaqlaşdırıram" kimidir.

 

Buna görə də, Allahın hz. İsa (ə.s)-ı inkar edənlərdən təmizləməsi; hz. İsa (ə.s)-ı öldürmək üçün, qurulan tələlərin puç olması və inkarçıların bu hədəflərinə nail ola bilməmələri, yəni hz. İsa (ə.s)-ın diri şəkildə Allah qatına yüksəldilməsi mənasını verir (doğrusunu Allah bilər). Həmçinin ayədə bildirilən ifadədən, hz. İsa (ə.s)-ın təmizlənməsiylə bədən cəhətdən və inkar edənlərin olduğu mühitdən ayrılaraq təmizlənməsinin bildirildiyi aydın olur (doğrusunu Allah bilər). Beləliklə də, bəzi insanların irəli sürdüyü, hz. İsa (ə.s)-ın ölərək təkcə ruhunun Allah qatına yüksəldildiyi iddiasının əsassızlığı bir daha ortaya çıxır. Hz. İsa (ə.s)-ın təkcə ruhunun yüksəlməsi, ayədə bildirilən təmizlənmənin gerçəkləşməsi mənasını verər.

 

Ayədə bildirildiyi kimi bir təmizlənmə ola bilməsi üçün, hz. İsa (ə.s), ruhu və bədəniylə birlikdə inkarçıların olduğu mühitdən ayrılmalıdır. Həmçinin, ruhən, yəni mənəvi cəhətdən təmizlənmə, hz. İsa (ə.s.) kimi üstün əxlaqlı, Allah qatında şərəfli və dərin iman sahibi bir peyğəmbər üçün mümkün ola bilməz. Hz. İsa (ə.s)-ın üstün əxlaqı Məryəm surəsinin 33-cü ayəsində də belə bildirilmişdir: "Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!". Hz.İsa (ə.s)-ın ruhu, saleh bir mömin və Allahın elçisi olmasından ötrü, Allahın icazəsi ilə, tərtəmizdir. Lakin, içində olduğu mühit müşriklərin və inkarçıların çirkin əxlaqları və pis davranışlarından ötrü təmiz deyil. Necə ki, bir ayədə, Rəbbimiz müşriklərin, pis əxlaqlarından ötrü murdar olduqlarına işarə etmişdir:

 

 Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, özlərinin bu ilindən sonra Məscidulharama yaxınlaşmasınlar... (Tövbə surəsi, 28)

 

 Dolayısilə, hz. İsa (ə.s)-ın inkar edənlərdən təmizlənməsi, özünün bədəniylə onların olduğu mühitdən ayrılması mənasını verir. Allah, hz. İsa (ə.s)-ı inkar edənlərdən və onların qurduqları tələlərdən təmizləyib qorumuşdur. Bu da Rəbbimizin hz. İsa (ə.s)-ı Öz qatına yüksəltməsi ilə baş vermişdir (doğrusunu Allah bilər).

 

Misirli alim Xəlil Hərras isə, ayədə bildirilən "təmizlənmə" ifadəsinin hikməti ilə əlaqədar belə bir açıqlama verir:

 

Hz. İsanın küfr edənlərdən təmizlənməsi, onların təxribatçı tələlərindən xilas olması sayəsində mümkün olar. Bu isə, hz. İsanın ölümü və torpağa basdırılmasıyla deyil, diri şəkildə göyə yüksəldilməsiylə baş verə bilər. Çünki düşmənləri, hz. İsaya bənzətdikləri insana etdikləri kimi, onun bədəninə işgəncə tətbiq edə bilərdilər... (Halil Herras, Hz. İsa Gelecek mi?, Isparta, yanvar 2002, səh. 66)

 

Hz. İsa (ə.s)-ın inkar edənlərdən təmizlənməsi, Elmalılı Həmdi Yazır (Elmalılı Hamdi Yazır) təfsirində də ifadə edildiyi kimi, hz. İsa (ə.s)-ın Allah qatına yüksəlməsiylə təcəlli edir:

 

...Və bu yüksəltmə ilə, o küfr edən, kafirlərdən səni təmizləyəcəyəm, artıq onlarla əlaqən qalmayacaq... (Elmalılı Hamdi Yazır, Hak Din Kuran Dili, II cild, səh. 1112-1113)